Türkiyədə terrorist qruplaşmalarına qarşı keçirilən Barış Pınarı Harekatı`na dəstək vermək məqsədilə özünün əsgər salamı verərkən şəklini paylaşan Cengiz Ünder üçün İtalya klubu Roma`nın son qərarı məlum olub. ONBİR Sabah qəzetinə istinadən bildirir ki, Roma klubu Cengiz`in bu hərəkətinə görə heç bir xəbərdarlıq etməyəcək.

Lakin Merih Demiral və Cengiz Ünder`in Barış Pınarı Harekatı ilə bağlı etdiyi paylaşımları İtalyada çox tənqid edilmişdi. İtalyalı senator Roberto Calderoli isə hər iki oyunçunun postları ilə bağlı bu açıqlamaları verib:

”Əgər Merih və Cengiz müharibə istəyirlərsə, ölkələrinə qayıtsınlar. Oyunçuların müqavilələri dərhal ləğv edilməlidir. İtalya barış, demokratiya və müstəqillik ölkəsidir. Başqalarının həyatlarına hörmət edilən bir ölkədir. Əgər bunu qəbul etmirlərsə, Türkiyəyə, Erdoğan`ın yanına qayıtsınlar.”

Qeyd edək ki, senator Roberto Calderoli daha öncə irqçi açıqlamaları ilə önə çıxmışdı.