Xəbər verdiyimiz kimi, İngiltərə Liqa Kubokunda (Carabao Cup) artıq yarımfinalçılar müəyyənləşib.
Sözügedən mərhələdə Mançester derbisi ilə yanaşı, Tottenham – Brentford matçı keçiriləcək.
ONBİR bu dəfəki yazısında turnirin sürpriz komandası Brentford`dan bəhs edir.
Brentford əslində çox da sürpriz komanda sayılmamalıdır. Çünki “Arılar” play-off final matçında qarşılaşdıqları Fulham`ə əlavə vaxtda məğlub olmasaydılar, cari mövsümün Premyer Liqa klublarından biri olacaqdılar.

Hal-hazırda Championship`in 4-cü pilləsində qərarlaşan klub yarımfinala qədər Southampton və West Bromwich kimi komandaları məğlub etmiş, Fulham`dən revanşı almış və 1/4 finalda Newcastle`ı mübarizədən kənarlaşdırmışdır.

131 illik tarixə malik olan Brentford`un elə ən böyük uğuru da Liqa kubokunda yarımfinala yüksəlməkdir. “Arılar”ın muzeyində rəsmi heç bir kubok yoxdur.
Ölkə çempionatındakı ən yaxşı göstərici isə 1935/36 mövsümünə təsadüf edir. Brentford Sunderland`in çempion olduğu həmin mövsümü 5-ci pillədə başa vurmuşdu. Ölkənin ən çox çempion olan komandası Manchester United isə 2-ci liqada çempion olaraq yenidən əsas liqaya qayıtmağa haqq qazanmışdı.

Komandanın əsas qol silahı İvan Toney`dir. Newcastle`da heyətdə yer ala bilməyən hücumçu müxtəlif klublarda icarə əsasında çıxış etdikdən sonra Peterborough United`də özünü tapmış, League One`da göstərdiyi uğurlu performansla (76 matç – 40 qol) Brentford`a transfer olunmuşdur.

24 yaşlı forvard “Arılar”ın heyətində çıxdığı 20 Championship matçında 16 qol vurub. İngilis oyunçu buna rəğmən hələki kubok matçlarında qol hesabını aça bilməyib.
Championship`də gərgin mübarizə aparan Brentford`u 4 yanvar tarixində Tottenham`lə kubok matçı gözləyir. Görəsən “Arılar” kubokdakı sürpriz çıxışını davam etdirə biləcəkmi? Və ən əsası mövsüm sonunda Premyer Liqaya vəsiqə qazanmağı bu dəfə əlindən qaçırmamağı bacaracaqmı?