Milli komandamız bütün seçmə mərhələlərdə bu günə kimi olan ən pis nəticələrindən birini sərgilədi. Komandamız yalnız bir görüşdə – Xorvatiya milli komandasından xal almağı bacardı və digər oyunların hər birində məğlub oldu.

Bu dəfə isə rəqib Uels millisi idi və nəticə heç də təəccüblü olmadı, rəqibə öz meydanımızda 0-2 hesabı ilə məğlub olduq, ancaq oyunda sual doğuran çox məqamlar var idi. Stadionun yarısının niyə Uels azarkeşi ilə dolub daşmasının cavabı isə naməlum olaraq qalmaqdadır. Nəticə etibarı ilə UEFA`nın qaydalarına əsasən rəqibə bütün stadion nəzərə alındıqdan sonra 5%-lik yer verilir. Biz isə oyunda, 1356 nəfər Uels azarkeşinin stadionun meydana yaxın hissəsində öz komandalarını səfər atmosferindən qurtarıb onlara öz meydanları imiş kimi şərait yaratmasını izlədik. Bütün bunlar isə Azərbaycanın azarkeş cəmiyyətinin özünə sual ünvanlamalı olduğu məqamlardandır. Bəlkə də YOX! Millinin sərgilədiyi oyundandır!

Heyətimiz yenə 4-2-3-1 sxemi ilə meydanda idi, ancaq çox keçməmiş və artıq milli komandamızın yarandığı dövrdən bəri, nəsillərin ekran qarşısında, ya da stadionda standart vəziyyətdən qapımıza daxil olan o qolu izlədiyi an çox çəkmədi və o soyuq duş effektini bir daha yenidən yaşadıq. Hər dəfə eyni ssenari. 6 komandalı qrupdayıqsa sonuncu pillədə qərarlaşacaq olan və hamıya xal paylamaqdan başqa gücü olmayan Farer Adaları və ya Lixtenşteyn tərzli milliləri udub 6 xal alan millimiz, bir digər komandadan 1 xal alıb, normalda seçmə mərhələləri 7 xal ilə bitirirdi. Ən yaxşı hallarda Norveçi Bakıda udar, Şimali İrlandiyanı bir topla bədbəxt edər, çexlərlə səfərdə bərabərə qalar (istisnasız bu matçların hamısında qol uzaq məsafədən, standart vəziyyətdən və əks hücumdan vurulur, komandamız həm də ortalama 90 dəqiqə müdafiə olunur) belə-belə millimiz bizi heç olmasa ortalama 5-6-7 bəzən 8-9 xala alışdırmışdı. Qrupumuz 5 komandalı olanda və bizdən zəif kollektiv olmayanda isə bütün sirr ortaya çıxır. Biz bu 1 xala qadirik və sitatın sonu!

Oyunlara gəldikdə isə, millimiz artıq Millətlər Liqasında bizə hələ arzularımız üçün çox tezdir siqnalını ötürmüşdü. Qeyd edək ki, milli komandamız son matçını səfərdə Slovakiya millisinə qarşı keçirəcək.

Problemlərdən çox yazmaq olar, həmçinin, maraqlısı isə suallardan bəzilərini hələ Azərbaycanın idman jurnalistikası cəmiyyətindən olan heç kimin soruşmamasıdır. Bir nəfər bu sualı ünvanlayacaqmı axı? Bu U21, U17 kimi kollektivlərdəki Taşkınlar, Ekincierlər, Doğukanlar kimdir axı? Yaxşı, Dadaşovları necəsə caladıq Azərbaycana, Dmitri Nazarov`un soyadından yola çıxdıq “Dmitri, sən artıq Dmitri yox, Nazarovsan!” dedik, bəs axı bu Türkiyəli futbolçuların bizimlə nə əlaqəsi var? Onlar niyə bizim millidədirlər? Yoxsa azərbaycanlı oyunçuların kəşf edilməsi və oynaması üçün yetərincə klub sayı bizdə yoxdur?! Ya da bəlkə klublarda buna ayıracaq vaxt, imkan yoxdur!