Qış transfer pəncərəsində aktiv olması gözlənilən Galatasaray`da ilk hədəf artıq heç şübhəsiz Henry Onyekuru`dur. Monaco`da istədiyi qədər forma geyinə bilməyən nigeriyalı oyunçu da köhnə komandasına qayıtmaq fikrindədir.

ONBİR Goal.com saytına istinadən xəbər verir ki, keçən yay transfer pəncərəsində gənc oyunçunu transfer etmək istəyən Galatasaray, Everton`un istədiyi məbləği çox görmüşdü. Daha sonra isə oyunçu, 15 milyon avro qarşılığında Monaco`ya satılmışdı. Galatasaray isə öz növbəsində heyətini Andone və Babel ilə gücləndirmişdi.

Onyekuru getdikdən sonra əvəzində Babel`i oynadan Fatih Terim`in kollektivi, hücumda istədiyi nəticəni ala bilmir. Belə ki, son 10 oyunda sadəcə 7 qol vura bilən Galatasaray, Onyekuru transferinin baş tutması üçün indidən görüşmələrə başlayıb. 22 yaşlı nigeriyalı oyunçu isə Monaco forması ilə 7 rəsmi matçın sadəcə 2-də forma geyinib.