Everton`un baş məşqçisi Carlo Ancelotti müsahibəsində Juventus`a rəhbərlik etdiyi vaxtlarda komandada Zinedine Zidane`ın olmasının onun məşqçi karyerasına təsiri barədə danışıb. ONBİR Sky Sports`a istinadən bu müsahibəni təqdim edir:

“Zidane mənim məşqçi karyeramda yenilikləri yoxlamağa və fərqli oyun ərsəyə gətirməyə imkan yaradan ilk futbolçudur.

Juventus`dakı ilk ilimdə mən 3-4-1-2 sxemini istifadə edirdim: Del Piero və Inzaghi irəlidə, Zidane isə bir qədər geridə. Növbəti il 4 müdafiəçi ilə oynamağa başladıq, amma buna baxmayaraq, mən irəlidə iki hücumçu və bir “10 nömrə”, Zidane`ı saxladım.

Zidane mənim futbol haqda təsəvvürümü dəyişdi. Juventus`a qədər mən 4-4-2 taktiki sxeminə fokuslanmışdım. Juventus`da isə, Zidane üçün daha uyğun mövqe axtarırdım ki, o, meydanda özünü daha rahat hiss etsin.

Juventus`da çox yaxşı təcrübə qazandım, çünki başa düşdüm ki, klub məşqçi üçün çalışmalıdır, ona oyunçuları idarə etmək üçün lazım olan gücü verməlidir. Baxmayaraq ki, ikinci ilin sonunda işdən azad olundum, bu iki il ərzində klub mənə yetərincə dəstək oldu.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.