ONBİR Barcelona`nın rəsmi saytına istinadən xəbər verir ki, Barcelona`nın və Fransa yığmasının forvardı Ousmane Dembele yaşıl meydanlardan daha 6 ay uzaq qalacaq. Onun əməliyyatı Finlandiyada cərrah Lasse Lempainenin başçılığı ilə aparılaraq uğurla başa çatdırılıb. Qeyd etmək lazımdır ki, Dembelenin sağ budundakı vətərlər keçən həftədəki məşq sessiyasında yırtılmışdı. Borussiya Dortmund klubundan 2017-ci ilin yay transfer pəncərəsində 125 milyon avro məbləğində transfer edilən Dembele gəlişindən bəri hər iki ayağında müxtəlif zədələrin qurbanıdır və hələ də o, Barcelona klubunun gözləntilərini doğruda bilməyib. Fransız forvard bu mövsüm ərzində Barcelona klubunun heyətində yalnız 3 oyunda komandasının şərəfini qoruyub. Dembelenin yayda keçiriləcək Avropa Çempionatını da məlum səbəblə əlaqəli olaraq qaçıracağı gözlənilir. Barcelona klubu digər klublar kimi La Liga`nın xüsusi şərtinə əsasən uzun müddətliyinə sıradan çıxmış oyunçunun yerinə transfer pəncərələrindən kənarda oyunçu transfer etmək hüququna sahibdir və başda Real Sociedad`ın braziliyalı forvardı Willian Jose olmaqla bir neçə hücumçü Barcelona klubunun hədəfindədir.