Zaqrebin Dinamo klubunda çıxış edən ispan yarımmüdafiəçi Dani Olmo Milan`a keçməyə yaxındır. ONBİR Sportske Novosti`yə istinadən xəbər verir ki, ”Rossoneri”lər xorvat klubuna 20 milyon avro, üstəlik 5 milyon avro bonuslar təklif edir. Eyni zamanda, Dinamo Olmo`nun gələcəkdə başqa kluba mümkün transferindən 5 milyon avro qazanmaq hüququna sahib olacaqdır. 21 yaşlı ispan futbolçunun Milan`la 5 illik müqavilə imzalayacağı, ildə 2,5 milyon avro qazanacağı bildirilir.

Olmo ilə daha öncə Barcelona`nın maraqlandığı xəbərləri yayılmışdı. Qeyd edək ki, oyunçu katalon məktəbinin yetirməsidir.

Bu mövsüm Olmo Dinamo Zaqreb`in heyətində 22 oyunda 8 qol və 7 ötürmə ilə yadda qalıb. İspaniya milli komandasında debütü 2019-cu ilin 15 noyabrında, AVRO 2020`nın seçmə mərhələsi çərçivəsində Malta millisi ilə keçirilən matça təsadüf edən yarımmüdafiəçi, bu oyunda bir qola imza atıb.